Tbilisi Məhkəməsi keçmiş müdafiə nazirinə 5 il 3 ay həbs hökmü elan etdi
Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili məhkəmə qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Tbilisinin Şəhər Məhkəməsi tərəfindən çıxarılan bu hökm amnistiyanın tətbiqi nəticəsində 5 il 3 aya endirilib.
Rock.News xəbər verir ki, keçmiş nazir 2004-cü ildə törədilmiş 19 yaşlı Buta Robakidzenin qətli ilə bağlı işdə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Həmin dövrdə İrakli Okruaşvili Gürcüstanın daxili işlər naziri vəzifəsini icra edib.
Eyni iş üzrə təqsirləndirilən Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili məhkəmə tərəfindən bəraət alıb. Okruaşvilinin müdafiə tərəfi məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Okruaşvili bu ilin iyul ayında Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirmədiyi üçün 8 aylıq həbs cəzası almışdı. O, 2004-2006-cı illərdə müdafiə naziri postunu tutub.