Azercell 30.000 manatı qadın sahibkarlığına yatırdı: Qaliblər Bəlli Oldu!

“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılması istiqamətində mühüm addım atıb. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” müsabiqəsinin qaliblərini elan edərək, bu sahədəki töhfəsini bir daha nümayiş etdirib. Qiymətləndirmə zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi və texnologiya vasitəsilə həyat keyfiyyətinin yaxşılaşdırılması kimi əsas meyarlara cavab verən layihələrə üstünlük verilib.

Rock.News xəbər verir ki, final mərhələsinə beş layihə keçib və təqdim olunan ideyalar əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi istiqamətlərini əhatə edib. Münsiflər heyətinin yekdil qərarına əsasən “Future Fem”, “Start Her” və “Robo Girls” layihələri qalib elan olunub. Bu təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell ümumilikdə 30.000 AZN vəsait ayırıb. “Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara təşəkkür edir və qaliblərə layihələrinin həyata keçirilməsində uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək.