DİN narkotik əkini məhv etdi: 185 milyonluq zərərsizləşdirmə!
Daxili İşlər Nazirliyi (DİN) bu ilin yanvar-oktyabr aylarında 1201,5 hektar ərazidə bitən, ümumi çəkisi 304 ton 762 kq olan 2 600 707 ədəd narkotik tərkibli bitkini məhv edib. Bu əməliyyatlar DİN-in təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Rock.News xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb. Qanunsuz dövriyyədən çıxarılan 7 ton 263 kq 229,113 qram narkotik vasitə və psixotrop maddələrin ümumi dəyəri 185 milyon 166 min AZN olaraq qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4687 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 4545-i kişi, 142-si isə qadın olub. Məsuliyyətə cəlb edilmiş 84 xarici ölkə vətəndaşından 936 kq 499,874 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə, həmçinin 271,772 qr çətənə bitkisi götürülüb.