The New York Times Perplexity-ni Məhkəməyə Verdi: Süni İntellekt Oğurluğu!
Rock.News xəbər verir ki, qəzetin iddiasına görə, Perplexity istifadəçilərin sorğularına cavab vermək üçün qəzetin məlumatlarından, bəzi hallarda isə bütöv məqalələrindən icazəsiz və ödənişsiz istifadə edir.
The New York Times son 18 ayda Perplexity-dən dəfələrlə nəşrin materiallarından istifadəni dayandırmağı tələb etdiyini bildirib. Qəzet həmçinin Perplexity-ni brendinə zərər vurmaqda ittiham edir, çünki axtarış sistemi bəzən məlumatları uydurur və yalan olaraq The New York Times-a aid edir. Perplexity isə cavabında bildirib ki, nəşriyyatlar texnologiya şirkətləri ilə yüz ildir məhkəmə çəkişmələri aparır və bu cəhdlər uğursuzluğa düçar olub.
Xatırladaq ki, media qurumları, xidmətlər və müəlliflər icazəsiz məzmunlarından istifadə etdikləri üçün davamlı olaraq süni intellekt şirkətlərinə qarşı iddialar qaldırırlar. Məsələn, 2025-ci ilin oktyabrında Reddit Perplexity və üç məlumat toplama xidmətinə qarşı iddia qaldırmışdı. Noyabr ayında isə Britaniya məhkəməsi Stable Diffusion-un tərtibatçısının Getty Images-in fotoşəkillərdən istifadəsi ilə bağlı müəllif hüquqlarını pozmadığına qərar verdi.