Ülvi Mansurov Azərbaycan Biznesinin İnkişafı Fonduna sədr təyin edildi

Ülvi Mansurov İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Rock.News xəbər verir ki, bu təyinat Ülvi Mansurovun karyerasında yeni bir mərhələdir. O, bundan əvvəl «Azərbaycan İnvestisiya Şirkəti» ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Ülvi Mansurov 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri alıb. 2015-ci ildə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi, 2024-cü ildə isə biznes idarəçiliyi üzrə doktorluq dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayan Mansurov, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb. Daha sonra, 2012-ci ildə “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ildən “Azərpoçt” MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru vəzifələrində çalışıb.