Mastercard Bakı Metropolitenində ödənişləri asanlaşdırdı: Növbəti dayanacaq – rahatlıq!

Mastercard Azərbaycanın ictimai nəqliyyat sistemində «open-loop» ödənişlərini tətbiq edərək şəhər mobilliyinin gələcəyini formalaşdırır. Bakı Metropolitenində kartla ödənişlərin istifadəyə verilməsi ilə şəhər, qlobal miqyasda tanınan fasiləsiz və ağıllı mobillik modelinə doğru əhəmiyyətli addım atır.

Rock.News xəbər verir ki, Mastercard mobillik sahəsində innovasiyalar üzrə 10 ildən artıq qlobal təcrübəyə malikdir. Şirkətin «open-loop» ödəniş sistemləri hazırda dünyanın 300-dən çox şəhərində, o cümlədən İstanbul, London, Amsterdam, Sinqapur, Nyu-York, Sidney və Milanda fəaliyyət göstərir. Bu sistemləri birləşdirən əsas məqsəd şəhərlər üzrə hərəkəti maksimum sadə və rahat etməkdir.

Ənənəvi qapalı dövrəli sistemlərdə sərnişinlər ayrıca nəqliyyat kartı almalı və onu mütəmadi olaraq balansla doldurmalıdır. Açıq dövrəli model isə istifadəçilərə öz mövcud debet və ya kredit kartlarından, telefonlarından və ya geyilə bilən cihazlarından rahatlıqla istifadə etməyə imkan verir. Əlavə kart almağa ehtiyac yoxdur; sadəcə kartı və ya telefonu validatora yaxınlaşdırmaq kifayətdir. Bu, vaxt itkisinin və vəsait itirmək riskinin qarşısını alır, həm yerli sərnişinlər, həm də şəhərə gələn turistlər üçün prosesi maksimum sadələşdirir.

Mastercard-ın açıq dövrəli həlləri artıq dünyanın bir çox aparıcı şəhərlərində səmərəni artırıb: London, Hollandiya, Sinqapur, Türkiyə və digər şəhərlər bu sistemlərin üstünlüklərindən yararlanır.

Mastercard ödəniş texnologiyaları və şəhər inkişafı arasında körpü rolunu oynayaraq daha ağıllı, davamlı və əlaqəli mobillik ekosisteminin qurulmasına dəstək verir. Rəqəmsal ödənişlər nəqliyyat sistemlərində nağd dövriyyəni azaldır, prosesləri avtomatlaşdırır, fırıldaqçılıq risklərini minimuma endirir və sərnişinlər üçün daha yüksək rahatlıq təmin edir.