Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin hesabatı: Vətəndaşlara necə xidmət göstərilib?
Rock.News xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Çağrı Mərkəzi iş vaxtı ərzində nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərini cavablandırır və yönləndirir.
Noyabr ayında Çağrı Mərkəzinə daxil olan 13 381 müraciətdən 13 120-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi 90 faiz təşkil edib, yəni zənglərin 90 faizi 30 saniyə ərzində cavablandırılıb. Müraciətlərə orta hesabla 2 dəqiqə 5 saniyə ərzində cavab verilib.
Çağrı Mərkəzi itirilmiş zənglərlə əks əlaqə yaratmaq üçün «geriyə zəng» və «zəng sifarişi» xidmətlərindən istifadə edir. Ay ərzində 261 itirilmiş zənglə əlaqə yaradılıb, qeyri-iş günlərində müraciət edən 447 vətəndaşın sualları cavablandırılıb.
Xidmət keyfiyyətini ölçmək üçün zəng bitdikdən sonra vətəndaşlara SMS göndərilir. Vətəndaşlar linkə daxil olaraq qısa sualları cavablandırır və xidməti qiymətləndirirlər.
Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi üçün davamlı tədbirlər həyata keçirir.