AZAL sərnişinlərə yeni xidmət təklif edir: Uçuşunuzu sığortalayın!

“Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərini uçuş cədvəlindəki gözlənilməz dəyişikliklərdən qorumaq üçün yeni “DAFAR” rəqəmsal xidmətini təqdim edib. Bu xidmət reysin ləğvi və ya gecikməsi zamanı operativ dəstək göstərməyi hədəfləyir.

Rock.News xəbər verir ki, DAFAR xidməti AZAL-ın rəsmi saytında və mobil tətbiqində bilet bronu zamanı əlavə seçim kimi təklif olunur. Xidmət HTS (Hopper Technology Solutions) ilə əməkdaşlıq çərçivəsində tətbiq edilib.

DAFAR ödənişli əsasda təqdim edilir, qiyməti istiqamətdən asılıdır. Aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. İki saatdan çox gecikmə və ya ləğv zamanı sərnişinə bildiriş göndərilir və seçim verilir:

  • Əlavə ödənişsiz, marşrut üzrə uçan istənilən aviaşirkətə bilet bron etmək;
  • Biletin 100% dəyərini geri almaq və səyahəti ilkin biletlə davam etdirmək.
AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib ki, AZAL səyahətçilərin ehtiyaclarına uyğun həllər tətbiq edir. Bu, müştəri loyallığını gücləndirəcək.
“Hopper” və HTS-in prezidenti Dakota Smit isə AZAL ilə əməkdaşlıqdan qürur duyduğunu bildirib.

HTS məlumat analitikası və süni intellektlə fintex həlləri hazırlayan qlobal platformadır. Şirkət dünyanın böyük bankları, aviaşirkətləri və turizm xidmətləri ilə əməkdaşlıq edir.