Prezidentdən yeni fərman: Dövlət xidmətləri sahəsində islahatlar başlayır

Prezident İlham Əliyev «Dövlət xidmətləri haqqında» qanunun tətbiqi barədə Fərman imzalayıb. Bu qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Rock.News xəbər verir ki, yeni qanun dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Qanuna əsasən, dövlət xidməti dedikdə, xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına səbəb olan hərəkətlərin məcmusu başa düşülür.

Qanunda həmçinin xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri konkret olaraq müəyyən edilib. Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün növbəlilik prinsipi gətirilib.

Dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Qanunda dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir. Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. «ASAN xidmət indeks» qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.