Kəmaləddin Heydərov və Botir Kudratxocayev yeni planı imzaladı: FHN əməkdaşlığı genişlənir
Rock.News xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayevlə görüşüb.
Nazir Kəmaləddin Heydərov iki ölkə arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayıb və bu görüşün əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirib. O, imzalanacaq birgə fəaliyyət planının təcrübə mübadiləsini dərinləşdirəcəyini və əlaqələri yeni mərhələyə yüksəldəcəyini qeyd edib.
Botir Kudratxocayev səmimi görüşə və yüksək səviyyədə təşkil olunmuş konfransa görə təşəkkür edib. O, iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsinin faydasını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və digər qurumlarının fəaliyyəti ilə tanış olub.
Səfər çərçivəsində Özbəkistan naziri FHN-in bir sıra digər qurumlarına da səfər edəcək.