Azərbaycan 10 ayda plastmas ixracını azaltdı, idxalı artırdı
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 317 milyon 420 min ABŞ dolları dəyərində 327 min 189 ton plastmas və ondan hazırlanmış məmulatları xarici bazarlara göndərib. Bu rəqəmlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyər ifadəsində 4,6%, həcm ifadəsində isə 6,3% azaldığını göstərir.
Rock.News xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, plastmas məhsullarının ixracı ölkənin ümumi ixracının 1,47%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 10,62%-ni təşkil edib. Eyni dövrdə Azərbaycan 483 milyon 883 min ABŞ dolları dəyərində 265 min 789 ton plastmas və ondan hazırlanan məmulatları idxal edib. Bu göstəricilər illik müqayisədə dəyər üzrə 8,6%, həcm üzrə isə 8,7% artıma işarə edir. Plastmas məhsullarının idxalı ölkənin ümumi idxalının 2,52%-nə bərabər olub.