Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini Astarada yad etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva noyabrın 21-də Astara rayonunda Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. Onlar eyni zamanda qəhrəmanın xatirəsinə həsr olunmuş ev-muzeyinə də baxış keçiriblər.

Rock.News xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun Vətən uğrunda göstərdiyi xidmətlər, onun hərbçi kimi yüksək peşəkarlığı, şücaəti və mərdliyi böyük ehtiramla anılıb. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində dünyaya gəlib.

Hərbi xidməti başa vurduqdan sonra, 1999-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin yarandığı ilk illərdən onun sıralarında xidmətini davam etdirən Pəncəli Teymurov 17 il ərzində Vətənin keşiyində şərəflə dayanıb. Gizir rütbəli hərbçi 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. O, sağlığında nümunəvi xidmətinə görə müxtəlif medallara və mükafatlara layiq görülüb, ölümündən sonra isə 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.