Bir sıra ölkələrlə viza rejimi sadələşir: Milli Məclis yeni sazişləri təsdiqləyəcək
Rock.News xəbər verir ki, iclas noyabrın 25-də baş tutacaq və gündəliyə ümumilikdə 14 məsələ daxil edilib. Əsas müzakirə mövzularından biri Maldiv, Anqola, Bəhreyn, Cibuti, Dominikan Respublikası, Qvineya-Bisau və Surinam hökumətləri ilə viza tələblərindən qarşılıqlı azad etməyə dair sazişlərin təsdiqidir. Bu sazişlər ümumvətəndaş, diplomatik və xidməti pasport sahiblərini əhatə edəcək. Həmçinin, Azərbaycan və Moldova hökumətləri arasında məxfi məlumat mübadiləsi və mühafizəsi haqqında sazişin təsdiqi də gündəlikdədir.
Plenar iclasda bir sıra qanunvericilik aktlarına dəyişikliklər də nəzərdən keçiriləcək. "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də ikinci oxunuşda səsə qoyulacaq.
"Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "Dövlət qulluğu haqqında" qanunlara dəyişikliklər də ikinci oxunuşda təqdim ediləcək. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlara dəyişikliklər də eyni mərhələdə müzakirə olunacaq. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər isə birinci oxunuşda təqdimata çıxarılacaq.