Bayramov və Siyarto Budapeştdə Strateji Dialoqun detallarını müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclasını keçiriblər. İclasda iki ölkə arasındakı strateji tərəfdaşlığın yüksək səviyyəsi, dostluq və ortaq maraqlar əsasında inkişafı müzakirə olunub.

Rock.News xəbər verir ki, tərəflər ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Macarıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasında iştirakı qeyd edilib. Görüşün sonunda ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və Strateji Dialoqun 3-cü iclasının Protokolu imzalanıb.