Deputat rəqəmsal iqtisadiyyat fondu və vergi islahatı irəli sürdü

Milli Məclisin plenar iclasında, 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili mühüm təkliflər irəli sürüb. O, ölkədə rəqəmsal iqtisadiyyat və innovasiyanın inkişafı üçün dövlət və özəl kapitalın iştirakı ilə xüsusi fondun yaradılmasını təklif edib.
Rock.News xəbər verir ki, bu fondun, yəni “Texnoİnnovasiya Fondu”nun elm və rəqəmsallaşma sahələrinə birbaşa maliyyə dəstəyi verməsi, startap ekosistemini və universitet tədqiqatlarını gücləndirməsi gözlənilir. Deputat bu təşəbbüsün Prezident İlham Əliyevin elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə təminatına əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıb. Tahir Mirkişili, qeyri-neft gəlirlərini artırmaq məqsədilə məhsuldarlığa əsaslanan vergi siyasətinin tətbiqini də vacib sayıb. Onun sözlərinə görə, ƏDV və mənfəət vergisində güzəştlər məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlanmalıdır. Bu güzəştlərin effektivliyini qiymətləndirmək üçün müəssisələrin illik “performans hesabatı” təqdim etməsi təklif olunub. Deputat həmçinin, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi qərarının müsbət nəticələrini qeyd edib. O, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin hazırlanmasını və səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsini şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi üçün faydalı hesab edir.