İlham Əliyev Bratislavada tarixi Devin qəsrini ziyarət etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada yerləşən məşhur Devin qəsrində olublar. Qəsr, Morava və Dunay çaylarının qovuşduğu ərazidə yerləşir və zəngin tarixi ilə diqqət çəkir.
Rock.News xəbər verir ki, dövlət başçısına qədim qəsr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Devin qəsri Slovakiyanın milli mədəniyyət abidələri siyahısına daxildir və ölkənin rəmzlərindən biridir. Qəsrin adı ilk dəfə 864-cü ilə aid salnamələrdə qeyd olunur. Qəsr, Böyük Moraviya tarixində mühüm rol oynayıb və əsrlər boyu müxtəlif tarixi hadisələrin şahidi olub. Napoleonun ordusu tərəfindən dağıdılan qalada sonradan abidə ucaldılıb və ərazidə arxeoloji araşdırmalar aparılıb.