Almaniya Kəşfiyyatı Səlahiyyətləri Genişləndirir, Əməkdaşlığı Gücləndirir

Almaniyanın əks-kəşfiyyat idarəsi olan Konstitusiyanı Mühafizə üzrə Federal İdarənin (BfV) rəhbəri Zinan Zelen, artan hibrid təhdidlər fonunda qurumun səlahiyyətlərinin genişləndirilməsinin və digər təhlükəsizlik qurumları və Almaniya Silahlı Qüvvələri ilə əməkdaşlığın yaxşılaşdırılmasının zəruriliyini vurğulayıb. O, bu fikirləri “Almaniyanın Təhlükəsizlik Arxitekturasında BfV-nin Rolu” simpoziumunda iştirakçılara ünvanladığı müraciətində səsləndirib.

Rock.News xəbər verir ki, Z.Zelen gələcəkdə digər Avropa tərəfdaş agentliklərinin sahib olduğu səlahiyyətlərə və imkanlara sahib olmağa ümid etdiyini bildirib. Qurum rəhbəri hesab edir ki, mövcud risklərlə bağlı müxtəlif qurumlar arasında əməkdaşlığın yaxşılaşdırılması hibrid təhdidlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. BfV 75 il əvvəl təsis edilib və təxminən 4200 nəfər işçi heyətinə malikdir. Onun əsas vəzifələrinə əks-kəşfiyyat fəaliyyəti və Almaniyadakı azad və demokratik qaydaya təhlükə yaradan təşkilatlar və şəxslərin monitorinqi daxildir.