BP Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərlərindən gedir: SOCAR əsas operator olur

BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa boru kəmərlərinin operatorluğunu təhvil verir. Bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Rock.News xəbər verir ki, BP mövcud müqavilələrə əsasən, kəmərlərin idarə edilməsi üzrə danışıqlar aparır. Əsas məqsəd Gürcüstandakı Bakı-Supsa neft kəmərinin obyektlərini Gürcüstan Neft və Qaz Korporasiyasına və ya onun təyin etdiyi operatora təhvil verməkdir. Eyni zamanda, BTC-nin idarəçiliyi və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyaları “SOCAR Midstream” şirkətinə ötürüləcək.

BP hər iki kəmərin operatorluğundan çıxsa da, BTC-də 30,1% və CQBK-də 29,99% səhmdar payını saxlayır. Operatorluğun təhvili prosesi 2026-cı ilin birinci yarısında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, operator rolunun dəyişməsi Səngəçal terminalına aid deyil. BP “Azəri-Çıraq-Günəşli”, “Şah Dəniz” layihələri və Səngəçal terminalının operatoru olaraq qalacaq, həmçinin BTC və CQBK layihələrində səhmdar kimi iştirakını davam etdirəcək.

Gürcüstanda operator rolunun təhvili başa çatdıqdan sonra BP qiymətləndirmə aparmaq üçün müəyyən vaxt ayıracaq.