Baş Prokuror Kamran Əliyev Sumqayıtda 33 Vətəndaşı Qəbul Etdi: Nələr Dedi?

Baş prokuror Kamran Əliyev Sumqayıt şəhərində 33 vətəndaşı qəbul edərək onların müraciətlərini dinləyib və konkret cinayət işləri ilə bağlı göstərişlər verib.

Rock.News xəbər verir ki, qəbul dekabrın 5-də Sumqayıt şəhər prokurorluğunun inzibati binasında baş tutub. Qəbulda Sumqayıt şəhərindən, Qubadlı rayonundan və digər bölgələrdən olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror Heydər Əliyevin abidəsini ziyarət edib. Qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətlərində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlər qaldırılıb. Baş prokuror bu məsələlərin operativ həlli üçün müvafiq göstərişlər verib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüşən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.