AYNA MaaS: Bakıda nəqliyyat xaosuna son qoyan mobil tətbiq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkədə ilk dəfə olaraq "AYNA MaaS" mobil tətbiqini istifadəyə verib.

Rock.News xəbər verir ki, üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən tətbiq ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək, səmərəli səyahəti təmin etmək məqsədi daşıyır. Platforma vasitəsilə müxtəlif nəqliyyat növləri (avtobus, metro, dəmir yolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirilir. İstifadəçilər marşrut seçimi, səfər planlaması, ödəniş, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə edə biləcəklər.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək mümkündür. İstifadəçilər mobil nömrələri vasitəsilə qeydiyyatdan keçərək səyahətlərini planlaşdıra bilərlər. Tətbiqdə nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir.

Qeyd edək ki, "AYNA MaaS" ilkin versiyadadır və istifadəçilərin istəkləri əsasında daim təkmilləşdiriləcək. Tətbiqi App Store və Google Play Store-dan yükləmək mümkündür.