Dünya Bankı şok açıqlaması: Azərbaycan unikal ölkədir!

Dünya Bankı bildirib ki, 2024-cü ildə Azərbaycandan xalis vəsait çıxışı artsa da, ölkə cari hesab profisitini qoruyub.

Rock.News xəbər verir ki, qurum Azərbaycanın cari əməliyyatlar balansı üzrə profisit əldə edən azsaylı ölkələrdən biri olduğunu vurğulayıb. Aşağı və orta gəlirli ölkələr qrupunda 2024-cü ildə cəmi 23 ölkənin cari əməliyyatlar balansı profisitli olub və onların sırasında Azərbaycan da var.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə Vyetnam, Qazaxıstan, Misir, Argentina və Azərbaycan üzrə xalis borc vəsaitlərinin çıxışı baş verib. Bu, həmin ölkələrdən xaricə gedən vəsaitlərin daxil olan vəsaitləri üstələməsi ilə izah edilir. Profisit ölkənin enerji ixracından əldə etdiyi yüksək gəlirlərlə bağlıdır.

Hesabata əsasən, 2024-cü ildə aşağı və orta gəlirli ölkələrin təxminən 75%-i cari hesab kəsiri ilə üzləşib. Xarici ticarət gəlirlərində azalma, geosiyasi gərginlik və qlobal ticarət siyasətindəki qeyri-müəyyənlik bu ölkələrin, o cümlədən Azərbaycanın ixrac gəlirlərinə təsir edə biləcək əsas risklər kimi göstərilir.

Vurğulanıb ki, Çin istisna olmaqla aşağı və orta gəlirli ölkələri 2008-ci ildən bəri fasiləsiz cari hesab kəsiri ilə fəaliyyət göstərir. Bununla belə, enerji ixracı hesabına Azərbaycan bu trenddən kənarda qalıb.