Səudiyyə Ərəbistanı Azərbaycan Hesablama Palatasının fəaliyyətini yüksək qiymətləndirdi

Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi Azərbaycan Hesablama Palatasının (HP) fəaliyyəti ilə bağlı həmkarlarının qiymətləndirməsini aparıb.

Rock.News xəbər verir ki, HP sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkarlar tərəfindən qiymətləndirilməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inandığını bildirib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.

Dr. Hussam Alanqari Azərbaycan Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkarların qiymətləndirməsinin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.

Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin prezidenti Hesablama Palatasının sədrinə həmkarların qiymətləndirməsinin yekun hesabatını təqdim edib.