Neft gəlirləri azaldı: BTC-də nə qədər itki var?

Azərbaycanın magistral neft kəmərlərindən əldə olunan gəlirlər bu ilin yanvar-sentyabr aylarında 3,6% azalaraq 764 milyon 511 min manat təşkil edib.

Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 793 milyon 319 min manat olub.

Hesabat dövründə neft kəmərləri ilə nəql olunan neftin həcmi də 4,4% azalaraq 27 milyon 592 min ton təşkil edib. Nəqlin 74,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 20 milyon 569 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azalma deməkdir.

2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 milyard 58 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4% azdır. Ötən il isə neft kəmərləri ilə 38 milyon 752 min ton neft nəql edilib, nəqlin 76%-i BTC vasitəsilə reallaşıb.