Mərkəzi Bank iki sığorta şirkətinə xəbərdarlıq etdi: Korporativ idarəetmədə ciddi nöqsanlar!

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sənaye Sığorta” ASC və “Qala-Həyat” Sığorta Şirkəti ASC-də korporativ idarəetmə qaydalarının pozulması faktlarını aşkar edib və şirkətlərə icrası məcburi olan göstəriş verib.

Rock.News xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb.

Məlumata görə, hər iki şirkətdə “Sığortaçılarda korporativ idarəetmə Standartları”na əməl olunmaması halları aşkarlanıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə əsasən, sığortaçılara pozuntuları aradan qaldırmaq üçün məcburi göstəriş verib. Qanunun bu maddəsi tənzimləyici quruma pozuntuların aradan qaldırılması, risklərin məhdudlaşdırılması və zəruri hallarda rəhbər heyətə dair tələblər müəyyən etmək səlahiyyəti verir.

Hər iki şirkətə verilmiş göstərişin icrası hüquqi baxımdan məcburidir və icra edilmədiyi təqdirdə əlavə tənzimləyici tədbirlər görülə bilər.