ADSEA-dan yenilik: Su sayğacları onlayn sifariş etmək mümkün olacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) müştəri məmnuniyyətini artırmaq üçün xidmətlərini genişləndirir. Agentlik ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət göstərir.

Rock.News xəbər verir ki, 2023-cü ilin 10 ayı ərzində mərkəzlərə 163 874 müraciət daxil olub. Onlardan 96 079-u yerində, 34 178-i araşdırıldıqdan sonra icra edilib. 26 598 müraciət informasiya xarakterli olub, 6 959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.

KOB evlərində göstərilən xidmətlərin əhatəsi genişləndirilib və xidmət sayı 5-dən 14-ə çatdırılıb. 11 xidmət elektronlaşdırılıb və mərhələli şəkildə my.gov.az portalına inteqrasiyası həyata keçirilir. Hazırda «E-gov.az» və «E-su.az» portalları üzərindən elektron müraciətlər qəbul olunur. İnklüziv xidmət mühiti də genişləndirilib: məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.

Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər.

Xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlara AZS ISO 10002:2022 üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə, buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.

ASAN xidmət, ASAN kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin əsas məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.