Siyarto Orbana Moskva səfəri üçün Aİ-dən icazə lazım olmadığını açıqladı

Macarıstan hökuməti müstəqil xarici siyasət yürüdür və Rusiya ilə danışıqlar aparmaq üçün Avropa İttifaqının icazəsinə ehtiyac duymur.

Rock.News xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində yazıb.

Nazir qeyd edib ki, onlar nə Brüsseldən, nə də başqa bir yerdən xaricdə danışıqlarda iştirak etmək üçün icazə və ya mandat almağa ehtiyac duymurlar. Siyarto əlavə edib ki, Brüsselin xoşuna gəlsə də, gəlməsə də, Macarıstan suveren xarici siyasət yürüdür və onların qərarları milli maraqlarla müəyyən olunur.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz bir müddət əvvəl bildirmişdi ki, Baş nazir Viktor Orban Aİ liderlərinin razılığı olmadan Moskvaya səfər edib.