Almaniya Türkiyənin Aİ-yə inteqrasiyasını dəstəklədiyini təsdiqlədi

Almaniyanın xarici işlər naziri Yohannes Vadeful Berlinin Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük səylərini dəstəklədiyini bildirib. Bu bəyanat Türkiyə və Almaniya XİN rəhbərlərinin Berlin şəhərində keçirilən görüşü zamanı səsləndirilib.
Rock.News xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, terrorizmə qarşı mübarizəni və Türkiyənin Aİ-yə üzvlük prosesini müzakirə ediblər. Vadeful, həmçinin, Türkiyənin NATO-nun vacib müttəfiqi olaraq SAFE mexanizminə çıxışının verilməsinin tərəfdarı olduğunu qeyd edib. Nazir əlavə edib ki, Türkiyə Aİ-yə qoşulmaq istəsə, Almaniya ona etibarlı və dost bir tərəfdaş olacaq. Hakan Fidan isə öz növbəsində Almaniyanın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb və Ankaranın üzvlük danışıqlarını irəli aparmağa hazır olduğunu bildirib. SAFE – Avropa İttifaqının 150 milyard avroluq proqramıdır və Avropada müdafiə sənayesini gücləndirmək üçün nəzərdə tutulmuş “ReArm Europe” planına daxildir.