Yerli istehsalı dəstəkləmək üçün elektromobil və hibridlərə ƏDV tətbiq ediləcək

Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəştlərinin müddəti yaxınlaşır. Bu addım yerli avtomobil istehsalını stimullaşdırmaq və daxili bazarın qorunmasını təmin etmək məqsədi daşıyır.

Rock.News xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanovun açıqlamasına görə, 2019-cu ildən elektrik avtomobillərinin idxalı, 2022-ci ildən isə onların həm idxalı, həm də satışı ƏDV-dən azad edilmişdi. Hibrid avtomobillər üçün də 2022-ci ildən etibarən dörd il müddətinə ƏDV güzəşti tətbiq olunur. Bu güzəştlər ölkənin avtomobil parkının yenilənməsinə və ekoloji təmiz nəqliyyat vasitələrinə marağın artmasına səbəb olub. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalçıları da vergidən azad edilib.

Nicat İmanov qeyd edib ki, son dövrlərdə yerli istehsalın həcmi artıb və gələcək ildən etibarən Azərbaycanda elektrik və hibrid avtomobillərin istehsalına başlanması planlaşdırılır. Daxili istehsalın genişlənməsi ölkədə əlavə dəyərin yaranmasını təmin edir.

Bu siyasət minik avtomobilləri istehsalının stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə yönəlmiş proteksionist tədbirlərin bir hissəsidir. Vergi təşviqləri ilə müşayiət olunan bu dövlət siyasəti, yerli sənayenin inkişafı və investisiya imkanlarının genişləndirilməsi hədəfini güdür.

Hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilib. Yerli istehsalın təşviqi və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2026-cı ildən bu sahədə vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bununla yanaşı, yerli istehsal məqsədləri üçün yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək.

Qeyd edək ki, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına ƏDV tətbiq olunacaq.