Nayrobidə Bakıdakı WUF13 Forumuna hazırlıqlar açıqlandı
UN-Habitat təşkilatının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Keniyanın paytaxtı Nayrobidə beynəlxalq mediaya məlumat veriblər. Onlar 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesini təqdim ediblər.
Rock.News xəbər verir ki, WUF13 Yeni Şəhər Gündəliyinin ortamüddətli icrasını dəyərləndirmək üçün mühüm qlobal platforma olacaq. Azərbaycanın Keniya və Konqodakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidəki daimi nümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə keçirilən bu sessiyada A. Rossbax WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunun aktuallığını vurğulayıb. O bildirib ki, bu Forum qlobal mənzil böhranı və iqlim böhranı ilə bağlı öhdəliklərin icrasını qiymətləndirmək, boşluqları müəyyənləşdirmək və gələcək onillik üçün prioritetləri formalaşdırmaq üçün üzv dövlətlərə və tərəfdaşlara imkan yaradacaq. Rossbax 2026-cı ili qlobal şəhər gündəliyi üçün əhəmiyyətli bir il adlandırıb.
Rossbax əlavə edib ki, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü təşkil olunacaq və onun nəticələri 2026-cı ilin qlobal qiymətləndirmə proseslərinə daxil ediləcək. Həmçinin, Forumda “Dünya Şəhərləri üzrə 2026-cı il hesabatı” da təqdim olunacaq. WUF13-ün milli koordinatoru Anar Quliyev ev sahibi ölkə olaraq Azərbaycanın irəli sürdüyü yeni təşəbbüsləri diqqətə çatdırıb. O qeyd edib ki, ilk dəfə keçiriləcək Liderlər Zirvə Görüşü qlobal şəhərsalma prioritetləri üzrə yüksək səviyyəli siyasi dialoq üçün xüsusi bir platforma olacaq. Quliyev şəhərlərin və yerli idarəetmələrin müzakirələrin formalaşmasındakı rolunu, eləcə də innovasiyaların, iqlimə uyğun tikintinin və müasir mənzil texnologiyalarının təşviqində özəl sektorun geniş iştirakının vacibliyini vurğulayıb.
A. Quliyev bildirib ki, “WUF13 üzrə hazırlıq işləri tam sürətlə davam edir. Biz bu Forumu dayanıqlılıq, müyəssərlik və təhlükəsizlik prinsiplərinə əsaslanan dünya səviyyəli bir tədbir kimi təşkil etmək üçün bütün təşkilati, logistika və əməliyyat məsələlərini koordinasiyalı şəkildə həyata keçiririk.”
Qeyd edək ki, bu media brifinqi Nayrobi şəhərində UN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyası çərçivəsində baş tutub.