Azərbaycanda 25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Azərbaycanın strateji Kəlbəcər rayonunun işğaldan azad edilməsinin üzərindən beş il keçir. Bu əlamətdar hadisə 2020-ci il noyabrın 25-də baş verdi və rayonun 27 illik erməni işğalına son qoyuldu. Bu tarix Vətən müharibəsində qazanılan böyük Zəfərin mühüm tərkib hissəsidir.

Rock.News xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları 44 gün davam etdi və noyabrın 9-da qələbə ilə nəticələndi. Hərbi əməliyyatlar zamanı 300-dən çox yaşayış məntəqəsi, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərindəki strateji yüksəkliklər düşmən işğalından azad edildi. Şuşanın noyabrın 8-də azad olunması Ermənistanı məğlubiyyəti qəbul etməyə məcbur etdi və nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli Bəyanat imzalandı.

Həmin Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. İlkin olaraq noyabrın 15-dək nəzərdə tutulan bu müddət, Ermənistanın Rusiyadan əlavə 10 gün möhlət istəyi ilə uzadıldı. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq bu xahişi qəbul etdi. Lakin ermənilər bu müddətdən istifadə edərək Kəlbəcərdə vandalizm aktları törətdilər: evləri, binaları dağıdıb yandırdılar, ağacları qırdılar və ərazidə piyada, tank əleyhinə minalar basdırdılar. Bu mina terroru 2021-ci il iyunun 4-də Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsinin partlaması ilə faciəvi nəticələrə səbəb oldu. Həmin hadisədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH nümayəndəsinin müavini Arif Əliyev həlak oldu, 4 nəfər isə yaralandı.

Üçtərəfli Bəyanatın digər bəndlərinə uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam, dekabrın 1-də isə Laçın rayonları da heç bir itki verilmədən Azərbaycana geri qaytarıldı. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 25-də televiziya vasitəsilə müraciət edərək Kəlbəcərin azad edilməsi münasibətilə xalqımızı təbrik etdi.

Kəlbəcərin azad olunması şərəfinə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Kəlbəcərin azad edilməsi uğrunda döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçular bu medalla təltif edildi. Həmçinin, Prezidentin imzaladığı Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri talan olunaraq dağıdılmış, tarixi, mədəni və dini abidələr, qəbiristanlıqlar məhv edilmişdi.