ADNSU İnnovasiya Mərkəzini işə saldı: Startup mədəniyyəti inkişaf edir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Azərbaycan İnnovasiya Mərkəzi (AİM) fəaliyyətə başlayıb.
Rock.News xəbər verir ki, mərkəzin açılış mərasimində ADNSU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və universitetdəki startap layihələrinin qurucuları iştirak ediblər.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında agentliyin dəstəyi ilə yaradılan innovasiya mərkəzlərinin ölkədə startap mədəniyyətinin inkişafındakı əhəmiyyətini vurğulayıb. O, mərkəzin məhz universitet tərkibində fəaliyyət göstərməsinin üstünlüklərinə diqqət çəkib:
Gələcəkdə ADNSU AİM yeni innovasiya mərkəzi kimi dövlət-universitet-biznes üçlüyünü birləşdirərək qeyri-neft sektorunun inkişafına xidmət edən sənaye sahələri üçün güclü innovativ zəmin formalaşdıracaq. Burada mentorluq, inkubasiya, akselerasiya, beynəlxalq şəbəkələşmə və ideyadan məhsula qədər gedən yolun bütün mərhələlərini dəstəkləyən mühit yaradılıb.ADNSU-nun rektoru Rüfət Əzizov universitetin innovasiya sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, ADNSU AİM-in resursları sayəsində tələbə-innovatorlara öz ideyalarını sınaqdan keçirmək, prototiplər hazırlamaq və real bazar tələblərinə uyğun inkişaf etdirmək üçün hərtərəfli şərait təqdim olunur:
ADNSU AİM-in resursları sayəsində ADNSU-da tələbə olan innovatorların öz ideyalarını sınamaq, prototiplər hazırlamaq və real bazar tələblərinə uyğun inkişaf etdirmək üçün hər cür uyğun şərait təqdim edilir.ADNSU AİM prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün zəruri texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və digər istifadəçilər üçün kompüter laboratoriyası da mövcuddur. Bundan əlavə, mərkəz kovörkinq, görüşlər, təqdimatlar, təlim və öyrənmə məqsədləri üçün xüsusi məkanlarla təmin olunub.