Leyla Əliyeva Lənkəranda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil şəraiti ilə tanış oldu
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi internat məktəbini ziyarət ediblər. Onlar təhsil ocağının ümumi fəaliyyəti və uşaqların şəraiti ilə yaxından tanış olublar.
Rock.News xəbər verir ki, qonaqlar əvvəlcə məktəb şagirdlərinin və müəllimlərinin tarixi Zəfərin beşinci ildönümünə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Ardınca sinif, məşğələ və istirahət otaqlarında uşaqların asudə vaxtının səmərəli təşkil olunduğu prosesləri müşahidə ediblər.
Qeyd edək ki, cənub bölgəsində yeganə regional internat məktəbi olan bu müəssisə autizm, Daun sindromu, eləcə də əqli inkişafdan geri qalan uşaqlar üçün mütəxəssislər tərəfindən həm təhsil, həm də reabilitasiya xidmətləri təmin edir. Məktəbdə 34 uşağın daimi yaşaması üçün də bütün zəruri şərait yaradılıb.