Əli Əsədov TDT nazirləri ilə görüşdü: Əməkdaşlıq perspektivləri müzakirə olundu

Baş nazir Əli Əsədov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.

Rock.News xəbər verir ki, görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb. Tərəflər TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasından məmnunluqlarını ifadə ediblər. Həmçinin, Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Əli Əsədov Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə danışıb. O qeyd edib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib. Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.