FHN Bakıdakı yaşayış binasında yanğının genişlənməsinin qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğınla bağlı məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri hadisə yerinə cəlb edilib.
Rock.News xəbər verir ki, yanğın 17 mərtəbəli binanın 17-ci mərtəbəsindəki ikiotaqlı mənzildə başlayıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin, o cümlədən digər mənzillərə yayılmasının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 55 kvadratmetr olan mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadratmetr sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğının təsirindən mühafizə edilib.