Naxçıvanda yanacaqdoldurma məntəqəsi bağlanıb
Naxçıvanda bir yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında yerləşən fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus məntəqədə yanğın təhlükəsizliyi ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib. Bu nöqsanların insan həyatı, sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa təhlükə yaratdığı bildirilib. Nəticədə, yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.