Vergi Xidməti kirayə gəlirləri üzrə vergini 14%-dən 10%-ə endirməyi təklif edir
Azərbaycanda fiziki şəxslərin yaşayış sahələrini kirayə verməsindən əldə etdiyi gəlirlər üzrə vergi dərəcəsinin aşağı salınması təklif edilir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, mövcud 14%-lik dərəcənin 10%-ə endirilməsi nəzərdə tutulur.
Rock.News xəbər verir ki, bu təşəbbüslə bağlı məlumatı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat Rəhimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında açıqlayıb. Onun sözlərinə görə, bu addım kirayə bazarının stimullaşdırılmasına xidmət edir. Dəyişikliklər paketində həmçinin vergi uçotuna durmaq istəməyən vətəndaşların təyin etdikləri agent vasitəsilə vergilərini ödəməsinə imkan yaradan yeni mexanizm də var.