Qara dənizdə "Virat" tankerinə təkrar hücum oldu, ekipaj təxliyə edildi

Qara dənizdə Qambiya bayrağı altında üzən "Virat" tankeri Türkiyə sahilləri yaxınlığında yenidən pilotsuz aparatların hücumuna məruz qalıb. Tankerin ekipajı təxliyə edilib.

Rock.News xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Şənbə günü səhər saatlarında "Virat" tankeri yeni hücum nəticəsində gövdəsində kiçik zədələr alıb. Bu zərərin pilotsuz dəniz aparatlarının hücumu ilə əlaqəli olduğu bildirilir.

Bundan əvvəl cümə günü axşam saatlarında pilotsuz uçuş aparatlarının hücumu nəticəsində tankerdə yanğın baş vermişdi. Gəmidə olan 20 ekipaj üzvünün hamısı təxliyə edilib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ticarət gəmilərində baş verən partlayışlarla bağlı açıqlama verib. Nazir Qara dəniz sahillərində neft yüklü “Kairos” və “Virat” baş vermiş partlayışların xarici müdaxilə səbəbilə ola biləcəyini deyib. Onun sözlərinə görə, ilkin məlumatlar xarici müdaxilənin mina, raket, qayıq və ya dron vasitəsilə baş verdiyini göstərir.

Kocaeli valisi İlhami Aktaş Rusiyaya aid gəmidən baş verən yanğının davam etdiyini bildirib. "Virat" tankerinin Qara dənizdə təxminən 35 dəniz mili məsafədə vurulduğu qeyd olunub. Türkiyə Dənizçilik Baş İdarəsi gəmidəki 20 heyət üzvünün vəziyyətinin yaxşı olduğunu və mühərrik otağında güclü tüstü aşkar edildiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl İstanbul boğazının girişinə yaxın Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış baş vermişdi. Partlayışdan sonra tankerdə yanğın başlayıb. Gəmidə olan 25 nəfərlik heyət xilas edilib.