Honq Konqda yaşayış kompleksindəki yanğın söndürüldü: 94 ölü

Honq Konqda yerləşən yaşayış kompleksində baş verən yanğın noyabrın 28-də səhər saatlarında tamamilə söndürülüb. Bu hadisə nəticəsində 94 nəfər həyatını itirib.
Rock.News xəbər verir ki, bu barədə Honq Konq Xüsusi İnzibati Regionunun (HKSAR) Yanğın Xidmətləri Departamenti məlumat yayıb. Qurum genişmiqyaslı xilasetmə əməliyyatlarının davam etdiyini və yaşayış bloklarında axtarışların aparıldığını bildirib. Məqsəd heç bir şəxsin mənzillərdə qalmadığına əmin olmaqdır. Noyabrın 26-da Tay Po rayonunda yerləşən və təxminən 2 min mənzildən ibarət olan səkkiz binadan ibarət yaşayış kompleksində güclü yanğın baş verib. Yanğının binaların üzlənməsi üçün istifadə edilən bambuk ayaqaltılarında başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı ehtimal olunur. Yanğın nəticəsində 94 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 250-dən artıq insan itkin düşüb.