“Naxtel” bağlandı: 105 min abunəçi rahat şəkildə digər şəbəkələrə keçdi!

“Naxtel” MMC-nin fəaliyyətinin dayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyası uğurla başa çatdırılıb. 19 dekabr 2025-ci il tarixində yekunlaşan prosesdə 105 mindən çox “Naxtel” abunəçisi digər mobil operatorların şəbəkələrinə keçib. Abunəçilərin istifadəsində olan “060” prefiksli mobil nömrələr tam qorunub saxlanılıb, həmçinin yeni operatorlar tərəfindən xüsusi tarif paketləri təklif olunub.
Rock.News xəbər verir ki, bu genişmiqyaslı layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazar iştirakçılarının əməkdaşlığı nəticəsində reallaşıb. Layihə çərçivəsində İKTA, “Naxtel”, “Azercell”, “Bakcell”, “Azerfon” və “AzInTelecom” vahid komanda kimi fəaliyyət göstərərək texniki sistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanı təmin ediblər. Miqrasiya prosesində abunəçi hüquqlarının qorunması prioritet olub və vətəndaşlar üçün keçid prosesi rahat və əlçatan edilib.



