Bakıda taksi BUMU: Sayı azaltmaq lazımdır!

Bakıda taksi parkının optimallaşdırılması üçün təcili tədbirlər görülməlidir. Ekspertlər hesab edirlər ki, şəhərdə taksilərin sayının azaldılması və mövcud qaydaların sərtləşdirilməsi yol-hərəkət mobilliyində real irəliləyişə səbəb ola bilər. Əks halda tıxaclar artacaq, sürücülərin gəlirləri azalacaq.
Rock.News xəbər verir ki, tədqiqat taksi sektorunda əsas problemin tələbin azlığı deyil, həddindən artıq taksinin olması ilə əlaqədar olduğunu vurğulayır. Bakıda hər 10000 nəfərə düşən taksi sayı Berlin, Kopenhagen, Sinqapur və Vyana kimi şəhərlərdəki göstəricidən 5-7 dəfə yüksəkdir. Artıq taksilər yollarda hərəkət sürətinin azalmasına, tıxacların artmasına və ətraf mühitin çirklənməsinə səbəb olur.
Ekspertlər taksi parkının optimallaşdırılmasının dərhal atılmalı addım olduğunu bildirirlər. Onların hesablamalarına görə, artıq taksilər yollardan çıxarıldıqda və sərnişin düşürüb-mindirmə qaydaları ardıcıl tətbiq edildikdə yollarda orta hərəkət sürətini ən azı 5-10% artırmaq mümkündür.
Hesabatda 13 oktyabr 2025-ci il tarixli taksi lisenziyalarının sayının 25000-lə məhdudlaşdırılması qərarı mühüm addım kimi qiymətləndirilir. Bununla belə, ilin sonunadək yeni lisenziyaların verilməsinin davam etməsi əlavə artım riski kimi göstərilir və 25000 limitinin daha sürətli və ardıcıl tətbiqinin vacibliyi vurğulanır.



