Təhsilin İnkişafı Fonduna Yeni Sədr Təyin Edildi: Nicat Məmmədli!

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnkişafı Fonduna yeni sədr təyin edilib. Nazirliyin məlumatına görə, bu vəzifəyə Nicat Məmmədli təyin olunub və kollektivə təqdim edilib.
Rock.News xəbər verir ki, təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəsi münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində islahatların dəstəklənməsində mühüm rol oynadığını qeyd edib, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb. Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. Nicat Məmmədli isə ona göstərilən etimada görə təşəkkür edərək, fondun fəaliyyətinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.



