Nazirlər Kabinetindən ikili diplom proqramları ilə bağlı YENİ QƏRAR!

Nazirlər Kabineti beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi qaydasını təsdiqləyib. Bu qərar, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Rock.News xəbər verir ki, qəbul edilmiş qayda, proqramların meyarlarını və prosedurlarını müəyyən edir. Xarici tərəfdaş universitetlərin seçimi zamanı onların beynəlxalq reytinqlərdəki mövqeyi, bakalavr, magistr və doktorluq dərəcələrini vermək səlahiyyəti və infrastruktur layihələrinə maliyyə tələblərinin olmaması kimi amillər nəzərə alınacaq. İxtisasların seçimi isə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğunluğu əsasında aparılacaq.
Qərara əsasən, tələbələrin seçimi Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələri əsasında həyata keçiriləcək. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin proqramda iştirakı isə müəyyən qaydalar çərçivəsində tənzimlənəcək.



