Dövlətə Çağırış İddiası: Manaf Cəlilzadənin Məhkəməsi Başlayır!

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin məhkəməsi başlayır. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın icraatına verilib və məhkəmənin hazırlıq iclası 30 dekabr tarixində keçiriləcək.
Rock.News xəbər verir ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. İstintaqdan yayınaraq ölkə xaricində gizləndiyi üçün axtarışa verilmiş, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Sentyabrın 19-da ittihama edilən əlavələr və dəyişikliklər nəticəsində, Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı yenidən qəbul edilib.
Məlumata görə, Cəlilzadə 2019-cu ildə Süleyman Süleymanlı və digərləri ilə birlikdə, İsveçrədə BMT-nin Cenevrə bürosu yaxınlığında, Azərbaycan Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışları lentə alıb və “Diktator TV” adlı “Youtube” kanalında yayımlayaraq hakimiyyətə qarşı zorakılığı təşviq edib. Daha sonra, 2023-2025-ci illərdə 19 müxtəlif video-müraciətlə ictimai əmin-amanlığı pozmağa yönələn çağırışlar yayımlayıb. Məhkəmə, Cəlilzadəyə çağırışa gəlmədiyi halda qiyabi icraatın açıla biləcəyi barədə xəbərdarlıq edib.



