Babil qülləsinə doğru

Babil qülləsi haqqındakı əfsanəni, məncə, çoxları bilir. 

Rəvayətə görə, qüllə qədim babillilərin Allaha çatması üçün tikilirmiş. Tanrı onların tikintini çox sürətlə apardığını və ona yaxınlaşmaqda olduğunu görür. O, insanların bu əməlindən qəzəblənir, bir gecənin içində eyni dildə danışan insanların dillərini dəyişir və onların hərəsinə fərqli bir dil verir. Nəticədə onlar bi-birini başa düşmür və qülləni sona çatdıra bilmirlər. Qüllənin dağılması Tövratda deyil, Jubilees və ya Leptogenesis kimi tanınan yəhudi sənədlərində təsvir edilmişdir. Amma bizi onun hansı sənəddə təsvir edilməsi deyil, simvolikası maraqlandırır. Əslində, burada söhbət dil faktorunun dünyada nə qədər böyük önəm daşımasından gedir. Filologiya elmləri doktoru,  Bakı Slavyan Universitetinin Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının professoru, taninmiş lüğətşünas-alim Təvəkkül Hadı oğlu Şükürbəyli, obrazlı desək, düz ömrünün 60 ilini Babil qülləsinin tikintisinə həsr edib. İşini ona görə davamlı şəkildə görə bilib ki, sevdiyi dildən onu heç nə ayıra bilməyib. 

1943-cü ildə Ağdam rayonunun Qızıllı kəndində anadan olan T.H.Şükürbəyli 1960-cı ildə Boyəhmədli kənd orta məktəbini əla qiymətlərlə bitirib, təhsilini davam etdirmək üçün Nuxa (indiki Şəki) tibb məktəbinə yönəlib. 1963 – 1964-cü illərdə  Laçın rayonunun Güləbird və Qorçu tibb məntəqələrində müdir işləyib. Gələcəkdə həkim olmaq arzusunda olan T.Şükürbəyli ordu sıralarında xidməti zamanı (1965 – 1967) “1941 – 1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin  20 illiyi” medalı ilə təltif edilir və elə həmin günlərdə həkim olmaq fikrindən daşınır. Rus dili ilə yaxından tanışlıq onda bu dilə qarşı maraq oyadır və bu arzu onu Azərbaycan  Pedağoji Dillər İnstitutuna gətirir. 

Lenin təqaüdçüsü adına layiq görülən Təvəkkül müəllim 1973-cü ildə rus dili və ədəbiyyatı fakültəsini (sonradan  həmin fakültə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı  İnstitutuna çevrildi) fərqlənmə diplomu ilə bitirərək təyinatla Ağdam rayonunun kənd məktəbinə rus dili və ədəbiyyatı müəllimi kimi göndərilir. Qısa müddət ərzində təkcə şagird və müəllimlərin deyil,  kənd camaatının da dərin hörmətini qazanır. Şagirdlərin rus dilinə olan marağını artırmaq üçün məktəbin radio qovşağını canlandırır, rus dilində verilişlər təşkil edir, dərnək yaradır. Kəndin ictimai həyatını, məktəb işlərini əməkdaşlıq etdiyi rayon qəzetində daima işıqlandırırdı. Bu fəallığına görə maarif şöbəsinin fəxri fərmanı ilə təltif edilir.

Lakin elmə olan marağı   onu yenidən ali məktəbə qaytarır. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun aspiranturasında elmi axtarışlara başlayır. Görkəmli alim Məmməd Tağıyevin  rəhbərliyi ilə tədqiqat işlərini uğurla başa vurub, A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji  İnstitutunda “Лексикографическая разработка глаголов непродуктивных  классов  русского языка” adlı namizədlik dissertasiyasını müdafiyə edir (1980). Aspiranturadan sonra  T. H. Şükürbəyli pedaqoji fəaliyyətini rus dilinin leksikologiyası kafedrasında davam etdirir: müəllim, baş müəllim, dosent vəzifələrini tutmaqla, fonetika, ifadəli oxu, mətnin linqvistik təhlili, rus dilinin ümumiləşdirici kursu, müasir rus dilinin leksikologiyası fənlərini tədris edir.

1995-ci ildə Bakı Dövlət Universitetində müdafiyə etdiyi “Лексико-грамматические особенности глаголов русского языка и принципы их описания в двуязычном словаре” adlı doktorluq dissertasiyasında  müasir rus dilinin 40 minə yaxın feili leksik və qrammatik  xüsusiyyətləri baxımından  geniş tədqiq edilmişdir. Müəllif bu sahə ilə bağlı bir çox məsələləri rusistikada ilk dəfə olaraq qaldırmış və həll etmişdir. O, rus feillərinin yeni təsnifatını vermiş və burada onları leksik-qrammatik xüsusiyyətlərinə görə 147 dərəcəyə, o cümlədən 40 sinfə, 55 altsinfə və 52 qrupa bölmüş, sözdəyişmə prosesində 80-ə yaxın morfoloji səs əvəzlənməsinin  baş verdiyini üzə çıxarmış, eyni zamanda rus dilində iki deyil, üç feil təsrifinin olduğunu sübut etmiş və göstərmişdir ki, rus feilini tədqiq edərkən təsrifdən yox, şəkilçi qruplaşmasından (набор флексий) istifadə etmək daha düzgundur. 

T. H. Şükürbəyli tərəfindən ilk dəfə olaraq rus feillərinin ikidilli lüğətlərdə verilmə modelləri işlənib hazırlanmışdır ki, bu modellər yeni rusca-azərbaycanca lüğətlərin yazılmasında tətbiq edilir. Onun bu tədqiqat işi Rusiya Elmlər Akademiyasının Rus Dili İnstitutu tərəfindən yüksək qiymətləndirilmiş, onun “rus dilinin morfologiyasına və  leksikoqrafiyasına böyük töhvə” olduğu  qeyd edlmişdir.

Professor T. H. Şükürbəylinin elmi maraq dairəsi rus və Azərbaycan dilçiliyinin müxtəlif sahələrini, o cümlədən müasir rus dilinin  qrafika, leksikologiya və morfologiyasını əhatə edir. Bununla yanaşı, alimin yaradıcılığında  ikidilli leksikoqrafiyanın nəzəri və təcrübi məsələləri  də geniş yer tutur. O, 130-dən çox elmi əsərin, o çümlədən bir sıra monoqrafiya və lüğətlərin müəllifidir. 1993-cü ildə “Maarif” nəşriyyatında çapdan çıxmış “Cловоизменение русских глаголов”  adlı kitabında rus dilinin mürəkkəb quruluşlu qeyri-məhsuldar  feillərinin geniş və mükəmməl təsnifatı verilir.  Azərbaycan Təhsil Nazirliyi tərəfindən  dərs vəsaiti kimi  təsdiq edilən “Русская и двуязычная лексикография” (“Mütərcim”,  1996) kitabına rus dilinin  linqvistik lüğətlərinin bütün növləri, həmçinin rusca-azərbaycanca və azərbaycanca-rusca  tərcümə lüğətləri və tədris leksikoqrafiyası daxildir.

T. H. Şükürbəyli birdilli və ikidilli lüğətlərin yazılmasında da yaxından iştirak edir. O, “Azərbaycanca-rusca  lüğətin” dördüncü cildinin (Bakı, 2000) və “Учебный словарь русского языка” lüğətinin (Bakı, 2007) tərtibçilərindən biridir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə “Русско-азербайджанский учебный словарь” (Bakı, 1997) və “Українсько-азербайджанський навчальний словник”  (Bakı, 2008) lüğətləri tərtib edilmişdir. Nəhayət, 2014-cü ildə professorun iki lüğəti işıq üzü görmüşdür: “Русско-азербайджанский комплексный словарь ” və “Русско-азербайджанско-английский комплексный  словарь” (sonuncunun həmmüəllifi  professor D. Z. Yunusovdur).

T. H. Şükürbəyli Belarus – Azərbaycan  birgə beynəlxalq layihəsi  çərçivəsində aparılan tədqiqatın layihə rəhbəri olmuşdur (2013 – 2015). Onun iştirakı ilə Belarusca-azərbaycanca  və  Azərbaycanca-belarusca lüğətlər  işıq üzü görmüşdür. Birinci lüğət 2015-ci ildə Minskdə, ikincisi isə 2017-ci ildə Bakıda Azerbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən  nəşr edilmişdir. Hər iki nəşrin pedaktoru professor T. H. Şükürbəyli və belarusiyalı alim V. D. Starıçonakdır. Qeyd etmək lazımdır ki, T.H.Şükürbəyli lüğətçilik sahəsində təcrübəli mütəxəssis sayılır. O, bir sıra çoxdilli terminoloji lüğətlərin baş redaktoru, redaktoru, ya da rəyçisidir. Bunlardan “Rusca-ingiliscə-azərbaycanca maliyyə və iqtisadiyyat terminləri lüğəti”ni (Bakı, 1997), “Maliyyəçinin, iqtisadçının və biznesmenin rusca-ingiliscə-azərbaycanca  lüğəti”ni (Bakı, 2001), “Rusca-ingiliscə-azərbaycanca universal iqtisadiyyat terminləri lüğəti”ni (Bakı, 2008), “Azərbaycanca-ukraynaca-rusca-ingiliscə mühasibat uçotu və audit terminləri lüğəti”ni (Kiyev, 2015), “Türk mənşəli sözlər  lüğəti”ni (Bakı, 2017),  “Rusca-ingiliscə-azərbaycanca   kimya teminləri lüğəti”ni (Bakı, 2018), “Rusca-azərbaycanca dəmiryol nəqliyyatı terminləri lüğəti”ni (Bakı, 2018) və s. göstərmək olar.

 Rus feillərinin çoxillik tədqiqatının nəticələri  2005-ci ildə çapdan çıxmış  və Bakı Slavyan Universitetinin yaranmasınin 5-illiyinə həsr edilmiş “Глагольное словоизменение  современного русского языка” adlı samballı əsərində öz əksini tapmışdır. Burada mürəkkəb feil sözdəyişmələrinin nəzəri və təcrübi məsələləri,  indiki, keçmiş  və gələcək zaman  formalarının, əmr şəklinin,  feli sifət və feli bağlamaların məhsuldar və qeyri-məhsuldar feillərdən yaranma xüsusiyyətləri müfəssəl şəkildə təsvir edilmişdir.  Feil sözdəyişməsi zamanı baş verən 80-dən çox morfoloji səs əvəzlənmələri aşkar edilmişdir. Belə bir iş rusistikada ilk dəfə olaraq yerinə yetirilmişdir. Bu ilklərdən biri də 2022-ci ildə işıq üzü görmüş və “Современный русский язык. Лексикография” adlı lüğətlər haqqında kitabıdır. Kitab universitet tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaitidir.

Bununla yanaşı kadr hazırlığı da alimin diqqət mərkəzindədir. Professor T. H. Şükürbəyli tələbələrin, magistrantların, aspirant və dissertantların rus dilinin leksik tərkibini, rus və Azərbaycan dil hadisələrinin müqayisəli təhlilini, ikidilli leksikoqrafiya məsələlərini əhatə edən tədqiqat işlərinə rəhbərlik edir, universitetin filologiya elmləri doktoru və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsi üçün dissertasiya şurasının üzvüdür.

Hazırda professor T. H. Şükürbəyli respublika əhəmiyyətli böyük bir layihə üzərində işləyir. Onun rəhbərlik etdiyi Bakı Slavyan Universitetinin  “Lüğət mərkəzi” elmi-tədqiqat laboratoriyasında tərtib edilməkdə olan yeni çoxcildli Rusca-azərbaycanca lüğətdə  müasir rus dilinin 150 minədək leksik vahidi öz əksini tapacaqdır. 10 cilddə nəzərdə tutulan bu əsər lüğətçiliyin ən yeni tələblərinə üyğun tərtib edilir. Lüğətə daxil edilən hər bir  söz leksik, qrammatik, üslubi cəhətdən  səciyyələndirilir və  misallarla təmin edilir. Baş sözlərin işləndiyi frazeoloji vahidlərdən də geniş istifadə edilir. 

T.H.Şükürbəyli qədim babillərdən fərqli olaraq lüğətçilik elminin zirvəsinə doğru inadla irəliləyir. Bu günlərdə alimin çoxdan planlaşdırdığı “Yeni rusca-aərbaycanca lüəğət”in birinci cildi işıq üzü görmüşdür! Görkəmli lekskoqraf, dil nəzəriyəçisi, slavistkanın respublikamızda ən yaxşı təmsilçilərindən biri olan professor T.H.Şükürbəyliyə uzun ömür və cansağlığı arzulayırıq. Həmişə zirvədə olasınız!