Müslüm Maqomayevsiz 17 il: Unudulmaz sənətkarı xatırlayırıq

Bu gün Azərbaycanın dahi sənətkarı Müslüm Maqomayevin vəfatının 17-ci ildönümüdür. Unudulmaz sənətkarın xatirəsi böyük hörmətlə yad edilir.

Rock.News xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Sənətə ilk addımlarını 14 yaşında dənizçilər klubunda çıxış edərək atan Maqomayev, 1962-ci ildə tələbə və gənclərin Helsinkidə keçirilən festivalında qazandığı medalla ilk böyük uğurunu əldə edib. Maestro Niyazinin tövsiyəsi ilə festivala qatılan Maqomayev, bu uğurundan sonra məşhurlaşaraq "Oqonyok" jurnalının üz qabığında yer alıb.

XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan Müslüm Maqomayev, Milanın "La Skala" teatrında təcrübə keçərək Enriko Pyatsa ilə birlikdə "Sevilya bərbəri" və "Toska" operalarından parçalar hazırlayıb. Onun ifasında olan mahnılar böyük tirajlarla satılırdı. Maqomayev, sovet estradasının ən parlaq ulduzu hesab olunurdu. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülən sənətkarın repertuarında 600-dək əsər yer alır. Onun Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı ölkəmizə həsr olunmuş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayev həmçinin "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində də rol alıb.

Müslüm Maqomayevin milli musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olub. Bu xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Sənətkar 2008-ci ildə 66 yaşında vəfat edib və Bakıdakı Birinci Fəxri xiyabanda dəfn olunub. 2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsi ucaldılıb.