Gürcüstan aksiyalara nəzarəti sərtləşdirdi: Yeni qanun qüvvəyə mindi!

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Toplantılar və nümayişlər haqqında” qanuna edilmiş düzəlişləri təsdiqləyərək, ölkədə etiraz aksiyalarının keçirilməsinə dair qaydaları sərtləşdirib. İmzalanmış sənəd artıq dərc olunub və qanun qüvvəyə minib. Yeni qanun, etiraz aksiyalarının təşkili və keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq edir.

Rock.News xəbər verir ki, Gürcüstan Parlamenti düzəlişləri ötən gün səs çoxluğu ilə qəbul edib. Yeni qanuna əsasən, aksiyanı insanların və ya nəqliyyatın hərəkət etdiyi yerdə, həmçinin səkilərdə keçirən təşkilatçılar, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyini (DİN) 5 gün öncədən xəbərdar etməli olacaqlar. Xəbərdarlıq etmədən ictimai yerdə aksiya təşkil etmək qadağan edilib. Qanun pozuntusuna görə, aksiya iştirakçıları və təşkilatçıları inzibati həbs və ya hətta bir ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.