Füzulidə m10 və MilliÖn telesatış ofisi açıldı

Bir ekosistemi Qarabağın bərpasına töhfələrini davam etdirir. Şirkət işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası üçün yeni bir addım atıb.
Rock.News xəbər verir ki, Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb. Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nümayəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, “Qayıt İş” layihəsi Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. Onun sözlərinə görə, Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı çox əhəmiyyətlidir, çünki ofisdə çalışan gənc əməkdaşların hamısı məhz Füzuliyə geri dönən sakinlərdir. Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Xidmət ofisində çalışan əməkdaşlar Füzuli sakinləri arasından seçilib. Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq komandaya qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır. Bir ekosistemi Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir.