İlham Əliyev "Global Infrastructure Partners"in baş direktorunu qəbul etdi: Detallar
Rock.News xəbər verir ki, Prezident İlham Əliyev ARDNF ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirib. Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə investisiyaları uğurlu əməkdaşlıq nümunəsidir.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini bildirib. O, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını qeyd edib.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.
2006-cı ildə yaradılan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. Şirkət 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınıb. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə edir.