Dövlət Reyestrində Yeni Qeydiyyat Qaydaları: Biznesə Nələr Dəyişir?
Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə kommersiya hüquqi şəxsləri üzrə birbaşa onlayn qeydiyyatda yeni məlumatlar müəyyənləşib. Bu dəyişikliklər Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Rock.News xəbər verir ki, layihəyə əsasən, nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi, vərəsəliklə keçməsi, yüklü edilməsi və təsisçisi vəfat etdikdə əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar birbaşa EHİS vasitəsilə qeydiyyata alınacaq.
Bundan əlavə, kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları hər il təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişiklik olub-olmaması barədə hesabatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.