Deputatlar hamiləlik məzuniyyəti ilə bağlı yeni qaydanı müzakirə etdilər
Rock.News xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb və Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.
Layihəyə əsasən, hamiləliyə görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi, doğuşun gözlənilən günündən uşağın doğulduğu günədək olan günlər qədər uzadılacaq. Bu zaman məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.
Xatırladaq ki, hazırkı Əmək Məcəlləsinə əsasən, işləyən qadınlar hamiləlik və doğuş dövrü üçün 126 gün (doğuşdan əvvəl 70 gün, doğuşdan sonra 56 gün) ödənişli məzuniyyət hüququna malikdirlər. Doğuş çətin keçərsə və ya iki və daha çox uşaq doğularsa, doğuşdan sonrakı məzuniyyət 70 gün təşkil edir.
Kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün isə hamiləlik və doğuş məzuniyyəti normal doğuşda 140 gün (70+70), çətin doğuşda 156 gün (70+86), iki və daha çox uşaq doğulduqda isə 180 gün (70+110) müddətində verilir.